Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı. Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib.
FED.az xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilmiş və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib.
Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.