Fındıq yastıcası və ya akasiya yalançı çanaqlı yastıcası polifaq zərərverici olub Avrasiya materikinin əksər ölkələrində yayılsa da, Azərbaycanda karantin statusu daşımır. İsraildə isə 2009-cu ildən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına əlavə edilib. Qax və Zaqatala rayonlarında yerləşən fındıq bağlarında ona rast gəlinib.
17 şirkətin İrandan Azərbaycana bibər və kivi idxalına - MƏHDUDİYYƏT QOYULDU
Fındıq yastıcası əsasən gavalı, moruq və üzümə ziyan vursa da, fındıq, qoz, armud, heyva, ərik, şaftalı, gilas, badam və digər meyvə bitkiləri, o cümlədən müxtəlif dekorativ və enliyarpaqlı meşə bitkilərinə (xüsusən də ağ akasiyaya) də ziyan vurur.
FED.az verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarınin hazırladığı maarifləndirici materialda bəhs olunur.
Zərərvericinin dişi fərdləri qış aylarında ağacların cavan budaqlarında və zoğlarında ikinci yaş sürfə mərhələsində keçirirlər. Yazda isə tumurcuqlar açılan zaman qidalanmağa və böyüməyə başlayırlar. Fındıq yastıcası yarpaq, zoğ, gövdədən bitki şirəsi ilə qidalanmaqla ciddi ziyan vurur, populyasiya sıxlığı çox olduğu meyvə bağlarında ifraz etdikləri şirin maddə saprofit göbələklərin inkişafına səbəb olur. Belə zoğ, yarpaq və meyvələrin üzəri tünd rəngli fumajinlə örtülür. Zərərvericinin sürfələri və yetkin fərdləri zoğ, yarpaqlarla qidalanmaqla bitkilərin zəifləməsinə, məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə, güclü sirayətlənmə zamanı hətta qurumağa səbəb olur.
Zərərverici ilə kimyəvi mübarizə tədbirləri onların fenologiyası nəzərə alınmaqla aparılmalıdır. Bağda ümumi sirayətlənmə az olduqda üzərində zərərverici olan bitki hissələri kəsilərək sahədən çıxarılmalı və yandırılmalıdır. May və iyun aylarında aparılan monitorinqlərin nəticəsində bağın 10 müxtəlif yerindən təsadüfi seçilmiş sahib bitkinin 3 ədəd 1-3 yaşlı zoğuna baxış keçirilir (30 zoğ). Seçilmiş zoğlarda orta hesabla 5 ədəd canlı fərd aşkar edildikdə kimyəvi mübarizənin aparılmasına qərar verilir. Nəzərə almaq lazımdır ki, yastıcalarla mübarizədə kimyəvi mübarizə dövrünün düzgün seçilməsi çox önəmlidir. Belə ki, yanlış dövrdə aparılan kimyəvi mübarizə tədbirləri səmərəli olmamaqla yanaşı əlavə işləməyə səbəb olur ki, bu da ətraf mühitin çirklənməsinə və iqtisadi itkilərə gətirib çıxarır. Buna görə də, kimyəvi mübarizə hərəkətli – birinci və ikinci yaş sürfə mərhələlərində (iyun ayında) aparılmalıdır.