Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarların nəzərinə çatdırır ki, qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq edilməyib və onlar qanunvericiliyin tələbləri çərçivəsində öz fəaliyyətlərini davam etdirə bilərlər.
Eləcə də bax: AQTA qəssablara - MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, bu, Agentliyin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar ərzaq məhsullarının ticarəti ilə bağlı 31 mart 2020-ci il tarixdə birgə bəyanat imzalamışdır. Bəyanatda qida təhlükəsizliyinə dair əsaslandırılmamış fikirlərlə bağlı ölkələrin ərzaq məhsullarının ticarəti üzrə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyəti azaltmaq, ümumilikdə həmin məhsulların xarici bazarlarda dövriyyəsi məqsədilə məhdudiyyət tətbiq etməmək tövsiyə olunmuşdur. Bundan əlavə, 30 mart tarixində G20 ölkələrinin ticarət üzrə nazirləri tərəfindən verilmiş bəyanatda COVID-19 ilə mübarizə üçün qabaqlayıcı lazımi tədbirlərin vacibliyi ilə yanaşı, ticarətdə zəruri olmayan maneələrin yaranmaması, qlobal təchizat zəncirinin pozulmaması və ÜTT qaydalarına uyğunluğu əksini tapmışdır.
Agentlik xatırladır ki, indiyədək COVID-19 virusunun qida və kənd təsərrüfatı məhsulları ilə ötürülməsi faktı aşkar edilməyib. Bu səbəbdən Avropa İttifaqı heyvan, bitki və onlardan əldə olunan məhsullara heç bir ticarət məhdudiyyətinin qoyulmadığını bəyan etmişdir.
Qeyd edək ki, hazırda ölkəmizin xarici dövlətlərlə bir çox sahələrdə, eyni zamanda ticarət sahəsində sıx münasibətləri mövcuddur. İdxal-ixrac əməliyyatlarının istər həcminə, istərsə də əmtəə strukturuna əsasən dünyanın əksər ölkələrilə geniş ticarət münasibətləri qurulub. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq tədbirlər görülür. Əhalinin qida məhsulları ilə təchizatında sahibkarların səmərəli fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir.