Ölkəmizdə enerji içkilərindən daha çox cavanlar istifadə edir. İlk dəfə 1987-ci ildə Avstriyada “Red Bull” markası təqdim olunan, o vaxtdan bəri get-gedə böyüyən enerji içkisi bazarında artıq yüzlərlə marka ortaya çıxıb.
“Enerji içkiləri” tərkibində kafein, taurin, ginsenq, quarana, vitaminlər, herbal bitki əlavələri və şəkər olan alkoqolsuz içkilərdir. Bu maddələr sinir sisteminə stimulyator təsir göstərərək fiziki və zehni aktivliyi, diqqəti artırıcı, oyadıcı, yuxunu gecikdirici təsir göstərir. Kafein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. Quarana Cənubi Amerikada yetişən bir ağacın toxumlarından əldə edilir və tərkibində yüksək miqdarda kafein, teofilin, teobromin var. Bu maddələr ürək vurğularının sayını artırıcı, təzyiqi qaldırıcı təsir göstərir, ürəyin yığılmasını qüvvətləndirir. İdmançılar arasında fiziki aktivliyi artırmaq, orta məktəb şagirdləri, tələbələr arasında imtahan stresini azaltmaq, imtahanda uğur qazanmaq məqsədiylə istifadə olunur və çox populyardır.
Eləcə də bax: İcbari tibbi sığorta başqa rayonlarda nə vaxt olacaq? - Sədrdən açıqlama
Enerji içkilərinin ürəyin kardioqramasında QTc məsafəsini uzatdığı və aritmiyalara səbəb olduğu göstərilib.Yüksək dozada qəbul edənlərdə ürəyin dayandığı hallar raport edilib. Normadan artıq enerji içkisi qəbul edənlərdə “kafein zəhərlənməsi” yarana bilər; əsəbilik, aqressivlik, yorğunluq, yuxusuzluq, ürək bulanması, əllərdə titrəmə, ürək döyüntüləri, təzyiq yüksəlməsi əlamətləri arasındadır. Enerji içkilərinin asılılıq yaratdığı da bilinir. Belə insanlarda zehni, psixi və davranış problemləri yaranır, içkini tərgidə bilmir, zərərli olduğunu bilərək içməyə davam edirlər. Kafein asılılığı olanlar enerji içkisini tərgidəndə son dozadan sonrakı 12-24 saat ərzində baş ağrısı, daha sonra isə diqqəti toplamaqda çətinlik, depresiya, yuxusuzluq, ruh dəyişikliyi yaranır. Alkoqollu içkilərlə qarışdırıb içənlərdə alkoqolun təsiri daha da artır. Siqaret çəkənlərdə isə nikotinin təsirini gücləndirir. Əksər enerji içkilərinin tərkibində var olan şəkər tip 2 şəkərli diabet yaranmasına kömək edir.
Son zamanlarda dünyada olduğu kimi, ölkəmizdə də ifrat şişmanlıq (obezite), şəkər, hipertenziya, insult, xərçəng, ürək infarktı kimi xəstəliklər gedərək artmaqdadır. Demək olar ki, bu xəstəliklərin hamısının altında zərərli yemək-içmək davranışları yatır. Həkim olmayanlar da xəstəliklərin daha erkən yaşlarda başladığını etiraf edirlər. Enerji içkiləri belə xəstəliklərin səbəblərindən biri ola bilər. Enerji içkilərinin zərərlərini araşdıran insanlar üzərində aparılmış və uzun müddət təqib edilmiş araşdırma yoxdur.
Bilinməyənlər bilinənlərdən çoxdur. Enerji içkilərinə başlayan yeniyetmələrin gələcəkdə siqaret, alkoqol və narkotik maddələrin istifadəsinə meyilli olduğunu göstərən yayınlar var. Adı enerji içkisi olmasına baxmayaraq bunların fiziki aktivliyi, diqqəti, yaddaşı, zehni fəaliyyəti artırdığına dair sübut edilmiş məlumat yoxdur. Enerji içkilərinin yeniyetmələr və gənclərin inkişafında müsbət təsiri olmadığı, əksinə səhiyyə problemlərinə yol açdığı bilinməlidir. Maye ehtiyacını su ilə qarşılamaq, enerji içkiləri yerinə təzə meyvə, meyvə suyu qəbul etmək məsləhət görülür. Ölkəmiz üçün müəyyən yaş altındakılara enerji içkilərinin satışını qadağan etmək, üzərinə sağlamlığa vurduğu zərərlər haqqında diqqət etiketləri yapışdırmaq çəkindirici ola bilər.
Uzm.Dr.Vüsal Vəliyev
Kardioloq
Enerji içkiləri zərərlidir- UZMAN VÜSAL VƏLİYEV
09:45
31 Yan 2019