Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumlara - XƏBƏRDARLIQ EDİB
Xidmətdən FED.az-a bildirilib ki, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.
Görüşdə bilirilib ki, qanunvericiliyə əsasən mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır. Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.
Tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır.
• Özəl tibb müəssisələrinin istifadəsində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi təmin edilməlidir;
• Ölçmə vasitələri dövri yoxlamadan keçirilməlidir;
• Ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanma aparılmamalı və ölçmə vasitələrinə müdaxilə edilməməlidir;
• Yararsız ölçmə vasitələrindən istifadəyə yol verilmir.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.