Prezident İlham Əliyev Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında yəni fərman imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fərmana əsasən icbari tibbi sığorta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (indiyədək müstəqil idi – FED.az) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Bundan başqa, fərmana əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilib və onların əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
Yeni yaradılan agentlik həm icbari tibbi sığorta, həm də hərbi xidmətə çağırılanların müayinəsi ilə məşğul olacaq.
Belə ki, fərmana əsasən, yeni Agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir;
Bundan başqa, TƏBİB ləğv edilmir – əksinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə - TƏBİB-ə keçir.
Xatırladaq ki, indiyədək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri də göstərirdi. Fərmana görə, agentliyin bu səlahiyyətləri, hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər qurumuna – nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə keçib.
Yeni yaradılan Agentliyi 5 nəfərdən (sədr və 4 müavini) ibarət idarə heyəti idarə edəcək.
Fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, yeni qurum və onun fəaliyyəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin. Yeni qurum qeydiyyata alındığı günədək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu Fərmanın öz fəaliyyətini davam etdirəcəklər.
Hələliksə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə olunması üçün ayrıca komissiya yaradılacaq. Fərmana əsasən yeni komissiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılacaq.
Həmin komissiya eyni zamanda yeni yaradılan qurumların təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi məsələləri ilə məşğul olacaq.











