Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı sahibkarlara müraciət edərək onları qaydalara riayət etməyə çağırıb. FED.az xəbər verir ki, əks halda həmin sahibkarların mallarının satışına icazə verilməyəcək.
Agentlik xatırladıb ki, qurumun əsasnaməsinə görə, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Agentliyin vəzifələrinə aiddir.
«Yeyinti məhsulları haqqında» qanuna görə isə, Azərbaycana idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır. Bu qayda bioloji fəallığa malik qida əlavələrinə də aididr və onlar da ekspertizadan keçirilərək sertifikat almalıdırlar.
Agentlik bildirir ki, bu sahədə sahibkarlarla iş aparsa da, bəzi hallarda sahibkarlar tələbləri pozurlar.
Əsas pozuntulardan biri də bu məhsulların üzərindəki yazı ilə bağlıdır. AQTA xatırladır ki, qanuna görə, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir.
Doğrudur, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər. Lakin bu addım xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərə əsasən, həmin maddələrdən istifadə təlimatında da hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
Bununla bağlı, sahibkarlara artıq bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, hələ də bəzi iş admmları bioloji aktiv maddələrin guya xəstəliklərin müalicəsi və ya profilaktikası məqsədilə istifadə edilə biləcəyinə dair təəssürat yaratmağa cəhd edirlər. Nəticədə istehlakçılar, alıcılar belə məhsullara dair yanlış fikirlərdə olurlar.
«Bir daha bildiririk ki, BFMQƏ-lər farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar olsa da, onlardan istifadənin tək məqsədi qida rasionunun zənginləşdirilməsidir»-deyə müraciətdə bildirilir.
Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. «Qanunvericiliyin tələbləri pozulmaqla idxal edilmiş bioloji fəallığa malik qida əlavələrinin qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir».
AQTA sahibkarları bir daha qanunvericiliyə əməl etməyə çağırır, istehlakçıların isə nəzərinə çatdırır ki, bioloji fəallığa malik qida əlavələri - dərman preparatları deyil, hər hansı bir xəstəliyin profilaktikası və müalicəsində istifadə edilə bilməz, yalnız qida rasionunun zənginləşdirilməsi üçün istifadə edilən qida əlavəsidir.