Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.
"Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir" - AQTA SƏDRİ ZƏHƏRLƏNMƏLƏRDƏN DANIŞDI
AQTA-dan FED.az-a verilən məlumata görə, laboratoriyanın yekun sınaq protokoluna əsasən, müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində (Staphylococcus aureus, Clostridium perfringens, B.cereus və E.coli) bakteriyalar aşkarlanıb.
Qeyd olunub ki, hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.
Xatırladaq ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmuşdu.