Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.
ELƏCƏ DƏ BAX: Səhiyyə naziri: "Haqqı çatan bəzi insanlara əlillik verilməyib"
Bundan əlavə Məcəllənin 221.10-cu maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaqlar.
Həmçinin aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.
Dərmanların istehsalı və satışıyla bağlı cərimələr – TƏSDİQLƏNDİ
19:43
10 Yan 2019