Bu gün Tarif (qiymət) Şurasının keçirilən iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.
Ekspert: Dərmanların ekspertiza tariflərinin azaldılması bazarda rəqabəti artıracaq
FED.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur.
“Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29% azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərinin yüksəkkeyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət - 11 iş günü təsbit edilib.
Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.