Azərbaycanda əksər həkimlərin gəlir mənbələrindən biri də əczaçılıq şirkətləridir. Xəstələrin müalicəsi üçün yazılan dərman vasitələrinin müqabilində şirkətlər həkimlərə ödəniş edirlər. Əczaçılar bildirirlər ki, reseptlərdə əvvəllər dərman vasitələri, xüsusilə də antibiotiklər üstünlük təşkil edirdisə, hazırda bioloji fəallığa malik qida əlavələri daha çoxdur. Belə halda bir sual yaranır:
Apteklərdə qiymətlər - BUNA GÖRƏ BAHADIR
Qida əlavəsi niyə aptekdə satılır?
İnsanlar düşünür ki, həmin məhsul dərmandırsa, niyə təsirsizdir? Dərmanı əvəz etmirsə, aptek rəflərində niyə dərman vasitələri ilə yan-yanadır. Həkimin xəstəyə yazdığı BAD (bioloji aktiv dobavka) qida əlavəsidirsə, o zaman niyə marketlərdə yox, apteklərdə satılır? Əczaçıların fikri belədir ki, apteklərdə yenidoğulanlar üçün uşaq qidaları satıldığından, həmçinin xəstəyə həm dərman, həm də BAD təyin olunduğundan, insanların “rahatlığı” naminə idxalçı şirkətlər həmin məhsulların apteklərdə satılmasını münasib bilirlər. Yəni, xəstə həm aptekə, həm də marketə üz tutmasın. Baş çəkdiyimiz marketlərdə isə uşaq qidaları satılan bölmədə heç bir bioloji aktiv qida məhsuluna rast gəlmədik.
Reseptlər necə yazılmalıdır?
Səhiyyə Nazirliyinin Əczaçılıq Analitik Ekspertiza Mərkəzinin əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov bununla bağlı bildirir ki, son olaraq 2018-ci ildən aptek təşkilatlarına dair tələblər və apteklərdən dərmanların buraxılması qaydası, həmçinin reseptlərin yazılışı təsdiqlənib. Qəbul olunub ki, reseptlərdə dərman vasitələri ancaq beynəlxalq patentləşdirilməmiş adla yazılmalıdır. Yəni, reseptdə dərman vasitəsinin satış adı yox, tərkibi qeyd edilməlidir. O halda dərman vasitəsinin ticarət (satış) növünün yazılışına icazə verilir ki, dərmanın hələ patentləşdirilməmiş adı yoxdur, yaxud da ki, tərkibində üç və daha çox təsiredici maddə var, ya da bioloji oxşar dərman vasitəsidir. Həkimlər buna əməl etməlidirlər. Qərarın qəbul olunmasında məqsəd həkim, əczaçı və topdansatış şirkətləri arasında sövdələşmənin qarşısını almaq olub. Xəstədə ticarət adında dərman yazılan resept olur, o da bunu apteklərdə axtarır. Əslində xəstə həkimin reseptdə yazdığı tərkiblə aptekə yaxınlaşmalıdır və əczaçı həmin tərkibdə olan dərmanları ona təklif etməlidir. Xəstə bu zaman maddi durumuna uyğun olaraq dərman vasitəsi seçimi edə bilər.
P.Əzizbəyov, həmçinin qeyd edir ki, müxtəlif ölkələrin istehsal etdiyi, eyni tərkibli, amma qiymətləri müxtəlif olan dərman vasitələri var. Qiymətlər də Tarif Şurası tərəfindən qanunvericiliyə əsasən təyin edilir. Səhiyyə Nazirliyinin əmrilə bu ilin iyul ayından dərman vasitələrinin yazılışı, yəni reseptlər elektron formada olacaq. Onda qayda pozuntusuna imkan verilməyəcək. Yəni dərmanın ticarət adı yox, yalnız tərkibi yazılacaq. Aptek də həmin sistemə qoşulduğuna görə, dərmanı reseptsiz, yaxud da ticarət adı ilə sata bilməyəcək. bir çox ölkələrdə, ən yaxın olan Türkiyədə də tətbiq edilir.
Həkimlər bildirirlər ki, bioloji aktiv əlavələr reseptdə yox, tövsiyə vərəqində yazılır. Xəstəyə lazım olan vitaminlər– Omeqa–3, Vitamin E, Vitamin B12 tapılmırsa, ona tərkibində təsir vahidi az olan BAD – bioloji aktiv əlavə yazırıq.
Professor Adil Qeybullanın fikrincə, ölkəmizdə bununla bağlı strateji dərman təhlükəsizliyi idarəsi yaradılmalıdır ki, mövcud dərman bazarına, idxalına, qeydiyyatına və satışına nəzarət etsin. Eyni dərmanın müxtəlif adlarla idxalı və xəstəyə yazılması ona xeyir yox, zərər verir. Ölkəyə 110 adda seftraksion dərmanı idxal olunursa, burada neqativ halın baş verməməsi mümkün deyil. Həkim deyir ki, apteklərdə, hətta elə dərman vasitəsinin satılmasını müşahidə etmişik ki, qutusunda istehsal olunduğu yazılan ölkədə onun adını tanımırlar. Dövlət farmokopeyasında bütün dərmanların qeydiyyatı var. Dərmanı ixrac edən ölkə onun keyfiyyətinə cavabdehdir. Yeni dərman növləri çoxaldığından, milli farmokopeya olmalı, qeydiyyat yenilənməlidir.
Bahalı dərmanın ölkəyə gətirilməsi isə ayrı bir problemdir. Həkim xəstəyə ucuz dərman yazsa, təbii ki, bahalı dərmanın bazarı bağlanacaq. Yazmır ona görə ki, bahalı dərman gətirən şirkətlə birgə işləyir. Şirkət gətirdiyi dərmanların siyahısını həkimə verir, həkim də xəstənin maddi durumunu nəzərə almadan təyinat yazır. Bununla da...
Həkimin qazanc yeri artır
Son illərdə bioloji aktiv məhsulların ölkədə geniş yayılması şirkətlər arasında rəqabət yaratdığından, bu da marketinq xərclərini (əsasən həkimlərə edilən ödənişlər) artırır. Şübhəsiz ki, maya dəyərin artması qiymətin yüksəlməsini qaçılmaz edir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinin ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 6 dəfəyə qədər fərq olduğu bildirilib. Bu da həkim reseptlərində özünü büruzə verib. Eyni zamanda, qiymətin tən-zimlənməməsi apteklər arasında da fərqə şərait yaradıb. Onda belə bir sual yaranır:
BAD dərmanı əvəz edirmi?
Terapevt Aygün Kərimova bildirir ki, bu məhsullar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz edə bilməz. Qanunvericiliyə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. “Dərman vasitələri haqqında” Qanuna görə, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsilə eyni tərkibli və eyni dozalı ola bilməz. Həmin qanuna görə, qida əlavələri bəzi xəstəliklərdən sonra və ya insan özünü zəif, halsız hiss edən zaman orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən ancaq tövsiyə oluna bilər, onların reseptə yazılması qadağandır. Əczaçılar deyirlər ki, buna “çarə” tapılıb. Şirkətlər həkimləri resept blankına oxşar “tövsiyə vərəqəsi” adlanan qeyd dəftərləri ilə “təmin ediblər”.
“Vita labs” MMC-nin təsisçisi Qurbanəli Əliyev bununla bağlı bildirir ki, BAD və dərman vasitələrinə nəzər salsaq, görərik ki, Nazirlər Kabinetinin qərarına əsasən, xəstələrə dərmandan başqa bioloji aktiv əlavələr də təyin olunur. Bəzi dərmanların idxalında qiymət və qeydiyyat faktoru rol oynayır, həmçinin mövsümün təsiri var. Şirkətlər ucuz olanları gətirməyə maraqlı deyillər. Ukrayna və Rusiyadakı vəziyyətlə bağlı idxal da azalıb. Məsələn, apteklərdə dərman vasitəsi kimi satışda olan 15 millilitr məhlulun tərkibində 50 000 BV D3 vitamini 7 manata olduğu halda, BAD kimi təqdim olunan eyni miqdarda məhsul üçün 16–20 manat lazımdır. Təsisçi deyir ki, “Əczaçılar klubu” İctimai Birliyi ucuz dərmanların ölkəyə idxalı ilə bağlı məsələ üzərində işləyir. Bu məqsədlə təkliflər hazırlanıb və aidiyyəti dövlət qurumlarına ünvanlanıb.
Zərbə xəstəyə dəyir
Görünən odur ki, bəzi həkimlər dərman şirkətlərinin nümayəndələri, ya da apteklərlə razılaşıb, xəstələrə istədikləri dərmanı yaza, onu məlum aptekə yönləndirə və təyin etdikləri dərmanı aldıra bilirlər. Nəticədə qazanan apteklər, dərman şirkətləri, həkimlər, itirən isə xəstə olur. Həm pulu gedir, həm də dərdinə çarə olmur. Hazırda əksər həkimlər qazanc naminə xəstəliyə uyğun yalnız firma dərmanları yazırlar. Həmin dərmanlar isə istehsalçı şirkətdən asılı olaraq, əhalinin aztəminatlı təbəqəsi üçün çox bahadır. Ölkəmizdə çox az sayda həkim tapmaq olar ki, ötən müddətdə dərman şirkətləri ona təsir edə bilməsin. (Xalq qəzeti)