Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri tədbirlər icra olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FED.az-a bildiriblər ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması COVID-19 virusuna yoluxan və ev şəraitində müalicə təyin edilən şəxslərin profilaktikası ciddi nəzarətdə saxlanılır.
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə edilir.
Noyabrın 30-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 28 aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi ictimai yerlərdə aşkarlanıblar. Görülən tədbirlərlə müəyyənləşdirilən xəstələrdən 25-i evə qaytarılıb, 2 nəfər xəstəxanaya yerləşdirilib, 19 nəfər barədə isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Nazirlik vətəndaşların diqqətinə çatdırır ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun şəkildə tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyə olunur.
DİN bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırır. Bütün tədbirlər vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirilir.