«COVID-19» pandemiyasından beş il sonra Çində yeni epidemiya, bu dəfə insan metapnevmovirusu, HMPV yayılmağa başlayıb.
FED.az xəbər verir ki, bu xəstəlik adətən yüngül keçir, lakin zəifləmiş xəstələrdə pnevmoniyaya çevrilərək ölümlə nəticələnə bilər. Rəsmi Pekin əmin edir ki, dəhşətli heç nə baş vermir, lakin sosial şəbəkələrdə izdihamlı xəstəxanaların videoları və fotoları yayılır. Çindən başqa, artıq Qazaxıstanda da yoluxma halları qeydə alınıb - orada 30 hal aşkarlanıb.
Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İdarəsi bildirib ki, Çində insan metapnevmovirusu (HMPV) epidemiyası baş verib.
Dekabrın 23-dən dekabrın 29-dək xəstəxanalardan toplanmış tənəffüs orqanlarından nümunələr qrip virusu, insan metapnevmovirusu (HMPV) və rinovirus üçün müsbət nəticə verib. İlkin məlumatlara görə, Çində metapnevmovirusa yoluxma halları 14 yaş və daha kiçik uşaqlar arasında artır.
Daily Star-ın məlumatına görə, virus artıq yerli səhiyyə sisteminə ciddi yük yaradıb: sosial şəbəkələrdə xəstə uşaqlarla dolu xəstəxanalardan video və fotolar yayılır. Virusun pis cəhəti odur ki, ağciyərlərə hücum edərək COVID-19 və qripə bənzər simptomlara səbəb olur.
Bu arada Tayvanın «Money UDN» nəşrinə görə, metapnevmovirusdan ölüm nisbəti 43%-ə çatır.
Ümumdünya Səhiyyə Təşkilatı və Çin rəsmiləri hələ fövqəladə vəziyyət elan etməyiblər. “The Independent” isə dərhal yazıb ki, rəsmi Pekin problemin miqyasını azaltmağa çalışır.
Doğrudan da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, qış mövsümündə viruslar tez-tez yayılır və bu, adi haldır. "Sizi əmin edə bilərəm ki, Çin hökuməti Çin vətəndaşlarının və Çinə gələn əcnəbilərin sağlamlığının qayğısına qalır, Çin daxilində səyahət təhlükəsizdir" -deyə Mao bildirib.
Qazaxıstanda da virus yayılır
Çinin ardınca Qazaxıstanda da metapnevmovirusa yoluxma halları açıqlanıb: 2024-cü il oktyabrın 1-dən bu günə kimi orada 30 yoluxma halı aşkarlanıb, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
"İnsan metapnevmovirusu bir çox ölkələrdə onilliklər ərzində dövriyyədə olan klassik viruslardan biridir", - agentliyin açıqlamasında deyilir.
Eyni zamanda, metapnevmovirusa yoluxma hallarının artımı cəmi 1,6% təşkil edib. Qazaxıstan Səhiyyə Nazirliyi izah edib ki, patogen əsasən hava-damcı yolu ilə, daha az dərəcədə isə məişət təmasları ilə ötürülür. Əsas simptomlara öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısı daxildir və infeksiya üçün xüsusi müalicə yoxdur.
Bundan əlavə, Böyük Britaniyada virus üçün müsbət testlərin sayında artım qeydə alınıb: orada HMPV bütün yoxlanılan xəstələrin 4,5%-də aşkar edilib.
Çinin yaxınlığında yerləşən Kamboca səlahiyyətlilər də vəziyyəti izləyirlər: ölkə virusun COVID-19 və qripə oxşarlığını qeyd edərək HMPV ilə bağlı xəbərdarlıq edib. Hindistanda isə bildirilib ki, HMPV "hər hansı digər tənəffüs virusuna bənzədiyindən" panikaya səbəb olmamalıdır.
HMPV nədir
HMPV soyuqdəymə və qripə bənzər simptomları olan tənəffüs yoluxucu virusdur. Xəstəlik adətən yüngül keçir, lakin bəzi hallarda sətəlcəm kimi ciddi fəsadlara səbəb ola bilər. Artan risk qrupuna beş yaşdan kiçik uşaqlar, xüsusən də körpələr, yaşlılar, xüsusən də 65 yaşdan yuxarı olanlar və astma və ya xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi immun sistemi zəifləmiş və ya xroniki tənəffüs xəstəlikləri olan insanlar daxildir.
İlk dəfə 2001-ci ildə müəyyən edilmiş HMPV tənəffüs damcıları və ya çirklənmiş səthlərlə təmas yolu ilə yayılan tək zəncirli RNT virusudur.
Virusun inkubasiya müddəti üç-beş gündür. Profilaktik tədbirlərə maska taxmaq, əlləri tez-tez yumaq və immunitet sistemini gücləndirmək daxildir.
2023-cü ildə Hollandiya, Böyük Britaniya, Finlandiya, Avstraliya, Kanada, ABŞ və Çində HMPV infeksiyası halları qeydə alınıb.