Çin Ukraynanı bu ölkə üçün nəzərdə tutulan 500.000 dozadan çox koronavirus peyvənd tədarükünü dayandırmaqla hədələyib. Buna səbəb rəsmi Kiyevin uyğurların hüquqları ilə bağlı sənədə imza atmasıdır.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" diplomatik mənbələrə istinadən məlumat verib. Agentliyin məlumatına görə, Ukrayna iyunun 22-si Cenevrədə İnsan Hüquqları Şurasının Çinin Sincan Uyğur Muxtar Bölgəsinə dərhal müstəqil müşahidəçi qəbul etməsinə çağıran bir sənəd imzalayıb. Kanadanın təklif etdiyi sənəd Ukraynadan əlavə 40-dan çox ölkə tərəfindən dəstəklənib.
Bundan sonra Pekin, Kiyevə, Ukraynanın sənədi dəstəkləməkdən imtina etməyəcəyi təqdirdə Çin səlahiyyətlilərinin ən az 500.000 doza COVID-19 peyvəndi tədarükünü əngəlləyəcəyi barədə xəbərdarlıq edib. Nəticədə, Kiyev cümə axşamı günü imzasını geri götürməli olub.
Agentliyin müəyyən etdiyi kimi, Ukrayna əvvəllər Çinin "Sinovac Biotech" şirkəti ilə 1,9 milyon doza "CoronaVac" peyvəndi almaq barədə razılığa gəlmişdi. Səhiyyə naziri Maksim Stepanovun sözlərinə görə, may ayının əvvəlinə qədər Kiyevə 1,2 milyon doza peyvənd tədarük olunub.