İngiltərədən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyulub.
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İngiltərənin Somerset dairəsində süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə, İngiltərənin Somerset dairəsindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.