Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan FED.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı İngiltərədə fəaliyyət göstərən “Kanegrade Ltd İngredients House” şirkəti tərəfindən istehsal olunan və “AzFP CO LTD” MMC tərəfindən ölkəmizə idxal edilən qovrulmuş şəkərli fındıq ləpəsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 0.5 ton qovrulmuş şəkərli fındıq ləpəsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.