Aprelin 11-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) tərkibindəki “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib.
FED.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.
Görüşdə səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak edib.
Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev qeyd etdi ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbələrinin yaradılmasına, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaqdır. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaqdır.
Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov Mehriban Əliyevanın səhiyyəyə diqqətindən danışıb. X.Əhədov bildirib ki, icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunur.
İcbari tibbi sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə deyib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsinə, səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsinə kömək edəcək. Z.Əliyev onu da şeyd edib ki, xəstəxanadaxili qeydiyyat sistemi yeni tələblərə uyğun qurulmalıdır.
Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq tədbirləri” mövzusunda təqdimatla çıxış etmişdir. O, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsinin, təchizatının yaxşılaşdırılmasının, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Ş.İsmayılova həmçinin, icbari tibbi sığortanın xidmətlər zərfi və maliyyə mənbələri barədə də danışmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən 1 yanvar 2020-ci il tarixindən etibarən bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri Agentliyin nəzdində yaradılan TƏBİB-in tabeliyinə veriləcək.