Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunisin Sidi-Bu-Zid vilayətində dabaq, Moldovanın Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşanın Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Sidi-Bu-Zid vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Pensilvaniya ştatında xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.