Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
AQTA-dan FED.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrail Dövlətinin Şimal, Mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiya Federasiyasının Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d'İvuar Respublikasının Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb.
İsrail Dövlətinin Şimal və Mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniya Krallığının Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-d'İvuar Respublikasının Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, Rusiya Federasiyasından, İspaniya Krallığından, Kot-d'İvuar Respublikasından, Benin Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.