Almaniyanın “BioNTech” və Amerikanın “Pfizer” şirkətləri xüsusilə ABŞ-da təsdiqlənməsindən sonra koronavirus peyvəndinin istehsalını artıracaqlar.
Eləcə də bax: Çin şirkəti peyvənd istehsalını - İkiqat Artıracaq
FED.az xəbər verir ki, bu barədə “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin “Reuters”ə müsahibəsində bildirib.
“İstehsal problemini həll etməliyik. Aydındır ki, daha çox dozaya ehtiyac var. Və daha çox dozanın necə istehsal ediləcəyi üzərində işləyirik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, daha öncə “BioNTech” və “Pfizer” 2021-ci ildə təxminən 1,3 milyard doza peyvənd buraxmağı düşündüklərini açıqlamışdılar.
Uğur Şahinin izah etdiyi kimi şirkətlər bu həcmləri artırmaq üçün çalışırlar: “Əgər bu mümkündürsə, həcmləri nə dərəcədə artıra biləcəyimizi indi deyə bilmərəm, amma bunu əhəmiyyətli bir şəkildə etməyə çalışacağıq”.
Şahin hesab edir ki, peyvənd bu ilin sonunadək Aİ ölkələrində istifadə üçün təsdiqlənəcək. Onun fikrincə, vaksinin paylanması gələn ilin əvvəllərində başlayacaq.
Sözügedən peyvənd bir adama iki dozanın verilməsini tələb edir. Şahinin sözlərinə görə, şirkətlər yalnız bir doza qəbulunu şərtləndirən peyvəndin hazırlanması imkanlarını müzakirə edəcəklər: “Bunu mütləq “Pfizer”dəki tərəfdaşlarımızla müzakirə edəcəyik”.
Xatırladaq ki, dekabrın 11-də ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) peyvəndin tətbiqini təsdiqləyib. Bildirilib ki, Amerika yerli “Pfizer” və türk alim Uğur Şahinlə xanımı Özlem Türecinin ixtira etdiyi vaksininin satışı ilə məşğul olan “BioNTech”lə müqavilə imzalayıb. (Qafqazinfo)