Baş nazir Əli Əsədov Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar imzalayıb.
Eləcə də bax: TƏBİB tibb işçilərinə ödənilən pulları açıqladı - MƏBLƏĞ, HESABLAMA, MİSALLAR
FED.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində müddətli əlavə müəyyən edilib.
Bildirilib ki, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll edəcəklər.