Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsi 32A ünvanında yerləşən, Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib.
AQTA bu ay 200 dönərxanada - YOXLAMA APARIB
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin müəssisədə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.