Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Sabunçu rayonu, Zabrat ştq, Oktyabr küçəsi, ev 37 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Reyhan Catering” MMC-yə məxsus yeməklərin hazırlanması və çatdırılması müəssisəsində planlı yoxlama aparılıb.
Eləcə də bax: Suşi istehsalı müəssisəsində nöqsanlar - AŞKARLANIB
FED.az xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Agentlik bildirir ki:
«Müəssisənin anbar sahəsində, soyuducu və dondurucu kameralarda saxlanılan məhsulların birbaşa döşəmənin üstündə, divara bitişik halda yığıldığı aşkarlanıb. Həmçinin müəssisədə iş prosesi zamanı istifadə olunan alət və ləvazimatların, soyuducu kamerada qida məhsullarının saxlandığı rəflərin və soyuducunun müəyyən hissələrinin korroziyaya uğradığı, istifadə edilən ətin və tərəvəzlərin doğrama lövhələrinin istismara yararsız olduğu, təmizlik ləvazimatlarının saxlanılması üçün ayrıca sahə və ya bölmənin təşkil edilmədiyi müəyyənləşib.
Eləcə də müəssisənin anbar və istehsal sahələrində işıqlandırmanın qənaətbəxş halda olmadığı, soyuducu və dondurucu kamerasına baxış keçirilən zaman isə salatların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı müəyyən edilib».
Yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi də aşkarlanıb: «Müəssisədə soyuq qəlyanaltıların və isti yeməklərin eyni sahədə temperatur rejimi gözlənilmədən hazırlandığı məlum olub. Bununla yanaşı, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməyib».
Müəssisənin anbar sahəsinə keçirilən baxış zamanı isə bəzi qida məhsulları saxlanılarkən temperatur rejimlərinə riayət edilmədiyi aşkarlanıb. Bulqur, qarabaşaq və düyünün 5-18° C-də saxlanmalı olduğu halda, 24.4° C-də saxlandığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunub.