Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, o cümlədən COP29 ərəfəsində qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a bildirilib ki, bu çərçivədə dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 9A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əhmədov Nuru Əzizullah oğluna məxsus “Halal” ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə olunan məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərinin olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi, bəzi tərəvəzlərin döşəmə üzərinə yığılaraq saxlanıldığı müəyyən edilib. Məlum olub ki, obyektdə havalandırma sistemi quraşdırılmayıb, pəncərələr tor örtüklə təchiz edilməyib, işçi masaları gigiyenik materialla üzlənməyib, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolab təşkil olunmayıb. Həmçinin ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi, gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.