Bakının Xətai rayonunda baş verən atışma zamanı yaralanan Unibank əməkdaşının vəziyyəti qənaətbəxşdir.
"Bravo"dakı silahlı basqında yaralanan "Unibank"ın əməkdaşıdır - BANKDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Unibank Kommersiya Bankının Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, yaralının müalicəsi özəl klinikada davam etdirilir: "Silahlı hücum nəticəsində yaralanan Unibank əməkdaşı, kassir-inkassator Samir Şaydayevin müalicəsi özəl klinikaların birində davam etdirilir. Hazırda vəziyyəti stabildir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin birbaşa diqqətindədir".
Xatırladaq ki, martın 4-də Bakının Xətai rayonu ərazisindəki supermarketlərdən birində atışma olub. Binaya daxil olan iki nəfər orada "Unibank"ın inkassatorlarına atəş açıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslərdən biri polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib, digər şəxs isə saxlanaraq istintaqa təhvil verilib. (Trend)