Sabah Bakıda 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BIHE 2017) keçiriləcək.
“İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib ki, sərgi 28-30 sentyabr tarixlərində “Baku Expo Center”da təşkil olunacaq. O deyib ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha səmərəli olmasına kömək edir: “Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər”.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova qeyd edib ki, sərgi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün şərait yaratmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi əsas tədbirdir. Onun sözlərinə görə, tədbirə 100-dən artıq iştirakçının, o cümlədən Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin qatılacağı gözlənilir: “Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları - cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları, dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər. Sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün Konqresin təşkili planlaşdırılır. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq”.
Qeyd edək ki, sərginin açılış mərasimi sentyabrın 28-də saat 11:00-da keçiriləcək. Açılış mərasimində Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri, təşkilatçıların və digər rəsmi şəxslərin iştirakı gözlənilir.