Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2016”) açılıb.
Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışıb. Nazir müavini bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycan səhiyyəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. O qeyd edib ki, 22-ci dəfə keçirilən beynəlxalq səhiyyə sərgisi Azərbaycanın daima artan iqtisadi qüdrətinin bariz nümunəsidir.
Nazir müavini məlumat verib ki, bu il sərgidə 20 ölkədən 121 şirkət iştirak edir. Bu şirkətlər arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən yerli tibbi avadanlıq distribütörləri də iştirak edirlər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
“BIHE-2016” sərgisində tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar kimi sektorlar təqdim olunur. Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər. Xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru da maraq doğurur. Bu klinika və şirkətlər arasında Belarus, Almaniya, Latviya, Türkiyə və Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alır. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
“BIHE-2016” sərgisi ilə paralel daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq stomatologiya sərgisi (“Stomatology Azerbaijan-2016”) və 10-cu Yubiley Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2016”) keçirilir.
Hər üç sərgi öz işini sentyabrın 21-də yekunlaşdıracaq.