Bakıda "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə COVİD-lə bağlı olmayan, digər xəstəliklər üzrə çağırışlar barədə heç bir dəyişiklik edilməyib.
Eləcə də bax: Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA
FED.az xəbər verir ki, bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, digər xəstəliklərlə bağlı təcili və təxirəsalınmaz hallar yarandıqda insanlar "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə əvvəlki qaydalarla müraciət edə bilərlər:
""103" xidməti eyni protokollar və qaydalar əsasında fəaliyyət göstərir. Bununla bağlı heç bir dəyişiklik yoxdur. Hazırda Bakı şəhərində COVİD-19-a görə testlər poliklinikalar tərəfindən aparılır. Digər bölgələrdə isə testlərin götürülməsi ilə bağlı müraciətlər yalnız 103 və ya İcbari Tibbi Sığorta Agentliyinin COVİD-19-la bağlı yaratdığı 1542 “Qaynar xətt”i vasitəsilə həyata keçirilir".
Xatırladaq ki, iyunun sonunda "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti pandemiya dövrü üçün müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyinə verilib.