İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı, Sumqayıt və Gəncə səhiyyə idarələrinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Eləcə də bax: İcbari tibbi sığorta ilə özəl klinikalarda müayinə və müalicə - Belə Olacaq
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, agentlikdən bildirilib ki, Bakı Baş Səhiyyə İdarəsi hazırda fəaliyyət göstərir: “İdarənin strukturu yeniləndikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla, 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.
Gəncə şəhər Səhiyyə İdarəsi hazırda Gəncə Birləşmiş Şəhər Xəstəxanası adı altında fəaliyyət göstərir.
Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Şəhər Xəstəxanası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirlər”.
Agentlikdən daxil olan açıqlamada qeyd edilib ki, bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir: “İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir”.