Azərbaycanın da təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) koronavirus (COVID-19) epidemiyası ilə mübarizədə Çinə humanitar yardım göstərib.
Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, AİİB-in müvafiq fondundan ayrılan vəsait və qurumun işçilərinin ianələri hesabına bu məqsədlə 1 milyon ABŞ dolları toplanıb. Həmin vəsaitə 51 min tibbi maska, 46 min qoruyucu geyim, cərrahiyə əməliyyatlarında istifadə olunan 17 min önlük, 21 min qutu tibbi əlcək və digər ləvazimatlar alınıb. Artıq 40 tonluq yardımın ilk hissəsi paytaxt Pekinə və virusun episentri olan Uxana çatıb.
AİİB bir neçə gün əvvəl məlumat yayaraq, Çin hökuməti ilə koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə fəal müzakirələr aparıldığını bəyan etmişdi.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, 64 layihəyə, ümumilikdə, 12,24 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.