Son bir ildə Azərbaycanda tibbi müalicə xidmətlərinin əksəriyyəti bahalaşıb.
Eləcə də bax: Fazil Mustafa: "Azərbaycanda dərman Türkiyə ilə müqayisədə 3 dəfə bahadır"
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qiymət artımı özünü bütün xidmətlərdə göstərib.
2022-ci ilin oktyabrında terapevt xidmətinin qiyməti 15,69 manat olub. Sentyabr ayı ilə müqayisədə qiymətlər dəyişməsə də, ötən illə müqayisədə qiymət artımı 14%-i keçib. Belə ki, ötən ilin oktyabrında xidmətin qiyməti 13,73 manat idi. Nəticədə artım 1,96 manat və ya, 14,3% olub.
Göz həkimi xidmətində də sentyabr ayı ilə müqayisə də dəyişiklik qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 15,50 manatdan 19,34 manata yüksəlib. Bununla da 3,84 manat, yaxud 24,8%-lik artım baş verib.
Kardioloq xidmətində sentyabr ayı ilə müqayisədə 0,10 manat və ya 0,5%-lik, artım baş verib. Belə ki, qiymətlər 18,48 manatdan 18,58 manata doğru dəyişib. İllik müqayisədə isə fərq özünü 1,9 manat və ya 11,4%-lik göstərici ilə özünü göstərib. Bununla da qiymətlər 16,68 manatdan 18,58 manata dəyişib.
Fizioterapevt xidməti haqqı üzrə sentyabr ayı ilə müqayisədə 0,10 manat və ya, 1,3% artım müşahidə olunub. Sentyabr ayında göstəricilər 7,60, oktyabr ayında isə 7,70 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 0,71 manat və ya 10,3% artıb. Ötən ilin oktyabrında xidmət haqqı 6,89 manat olub.