“Bu gün dünyada 415 milyona yaxın şəkərli diabet xəstəsi var. 2040-cı ildə bu sayın 642 milyon olması gözlənilir”. Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu il üçün son hesablamaya görə, 212 min 577 nəfər şəkərli diabet xəstəsi rəsmi qeydiyyatdadır. B.Salek vurğulayıb ki, onlardan 28 924 nəfərdə I, 183 653 nəfərdə isə II tip şəkərli diabet müşahidə olunur.
I tip xəstələr arasında 1 150 nəfərin uşaqların təşkil etdiyini deyən direktor müavini bildirib ki, onların 99 faizi insulindən asılı formadadır: "Bu ilin dövlət büdcəsindən diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat ayrılıb. Xəstələrin sayında artım və cavanlaşma müşahidə olunur. Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəliyə rast gəlinir. Hətta bir yaşında uşaqlarda bu xəstəlik aşkarlanır. Dünyada hər 11 nəfərdən biri şəkərli diabet xəstəsidirsə, 2040-cı ildə bu, hər 10 nəfərdən biri olacaq. Hər 6 saniyədən bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Bundan başqa, doğuşa qəbul edilən hər 7 hamilə qadından birində şəkərli diabet olur".
B.Salek qeyd edib ki, 2-ci tip şəkərli diabet xəstəliyinin erkən aşkarlanması fəsadların qarşını almağa yardım edir. Onun sözlərinə görə, şəkərli diabet zamanı ağırlaşmaların vaxtında araşdırılması, skrininqlər xəstəliyin gedişatını yaxşılaşdırır: " Diabetin göz, qan - damar, böyrək, sinir, sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, miokard infarktı, insult kimi xəstəliklər, hemodializ müalicəsi, amputasiya erkən əlilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qan-damar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan 10 dəfə, nefropatiyadan 12-15 dəfə, aşağı ətrafların qanqrenasından 20 dəfə daha çox ölüm halı müşahidə edilir. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və müdaxilə fəsadların qarşısını ala bilər. Şəkərli diabet zamanı ilkin tibbi xidmətin düzgün təşkili də bu problemin həllində mühüm rol oynayır. Göz və göz dibinin ildə iki dəfə müayinəsi mühüm əhəmiyyət kəsb edir".