Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC tərəfindən COVID-19 PZR testlərinin istehsalına başlanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İstehsal olunan testlər yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğundur. Həmçinin müəssisədə COVID-19-un mutasiyaları testlərinin aparılması üçün istifadə olunan reagentlərin istehsalına da başlanılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Hazırda müəssisədə insulin şprislər, 1, 2, 5, 10, 20, 50 qramlıq şprislər, infuziya dəstləri və s. istehsal edilir.
“Şpris istehsalı müəssisəsi fəaliyyətə başlayandan indiyədək 9 milyon manatlıq satış həyata keçirilib”, - deyə məlumatda qeyd olunur.
“Diamed Co” zavodu 2019-cu ilin may ayında Pirallahı Sənaye Parkının ərazisində istismara verilib. Zavodun tikintisinə investisiya qoyuluşları 9,5 milyon manat (təxminən $5,6 milyon) məbləğində olub. Şirkət zavodun inşası üçün 5 milyon manat güzəştli kredit alıb.