Bu ilin may ayı ərzində 59 şəhər və rayonda vətəndaşlara 1 270 070 tibbi xidmət göstərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən FED.az-a bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 547 264 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 086 784-ü ambulator, 183 286-sı isə stasionar şəraitdə göstərilib.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Şəki, Quba, Zaqatala, Göyçay, Ağdaş və Beyləqan Rayon Mərkəzi Xəstəxanaları.
2021-ci ilin may ayı ərzində tibbi ərazi bölmələri (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir:
Bərdə-Yevlax TƏB (263 979), Quba-Xaçmaz TƏB (176 998), Şəki-Zaqatala TƏB (170 166), Gəncə TƏB (163 691), Göyçay-Kürdəmir TƏB (91 483), Dağlıq Şirvan TƏB (91 318), Şəmkir-Tovuz TƏB (88 566), Ağdam-Ağcabədi TƏB (77 038), İmişli-Sabirabad TƏB (60 585), Lənkəran TƏB (46 329) və Cəlilabad-Salyan TƏB (38 679).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.
Qeyd edək ki, bütün ölkə üzrə may ayı ərzində 539 865 nəfərə tibbi xidmət göstərilib. Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, zədələr, zəhərlənmə və sinir sistemi xəstəlikləri ilə bağlı olub.
Cari ilin yanvar-may ayları ərzində isə ümumilikdə 1 637 752 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 7 158 060 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 6 012 770-i (84%) 18 yaşdan yuxarı, 1 145 290-ı (16%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.