Artıq bir neçə gündür ki, Azərbaycanda yeni növ koronavirusla mübarizənin müsbət nəticələr verdiyi bildirilir. Əvvəlki statistikalarda xəstəliyə yoluxma halları sağalmadan daha çox idi. Ancaq Operativ Qərargahın son açıqlamasında 57 nəfərin yeni növ koronavirusa yoluxduğu, 68 nəfərin isə sağalaraq evə buraxıldığı bildirilib. Bu o deməkdir ki, COVİD-19-la mübarizə yaxşılığa doğru gedir. Hamıya məlumdur ki, hələlik dünyanın heç bir ölkəsində yeni növ koronavirusun müalicəsi yoxdur. Peyvənd isə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 12-18 ay ərzində hazırlanacaq. Bəs, müalicəsi olmadan, COVİD-19-a yoluxanlar necə sağaldılır? Bu mövzu ilə bağlı müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla ilə əlaqə saxlanılıb.
Eləcə də bax: Azərbaycanda daha 57 nəfər koronavirusa yolxdu - 68 NƏFƏR SAĞALDI
FED.az xəbər verir ki, Adil Qeybulla Yeniavaz.com-a açıqlamasında bildirdi ki, koronavirus xəstələri simptomatik müalicə olunur:
"Xəstələrdə yeni növ koronavirusun orqanizmdə törətdiyi əlamətlərə uyğun olaraq müalicə aparılır. Burada simptomatik müalicədən söhbət gedir, koronavirusun müalicəsi hələ yoxdur. Peyvənd barədə isə ümumiyyətlə düşünməyə dəyməz. Çünki, vaksin hazırlanana qədər virus yoxa çıxacaq. Hazırda Azərbaycanda koronavirus xəstələri izolyasiya olunur, digər şəxslərə yoluxdurmasın deyə nəzarət edilir".
Yeni növ koronavirusun konkret, spesifik bir müalicə metodunun olmadığını deyən professor COVİD-19-a yoluxanların necə müalicə edildiyindən danışdı:
"Xəstələrə sadəcə, bədəni möhkəmləndirən vitaminlər, sistem və sair köçürülür, lazım olan hallarda antibiotiklər verilir. Bəzən xəstələr özü-özünə də sağalır. Necə ki, qripdən xəstələr özləri sağala bilir, bu xəstəlikdən də eləcə sağalmaq mümkündür. Burada vacib məqam immun sistemidir. İmmuniteti güclü şəxslər özləri mübarizə apara bilirlər. Bəhs edilən xəstəliklərin hər biri respirator infeksiyadır. Yoluxma davam etdikcə virus mutasiyaya uğrayır, sonra zəifləyərək öz təsirini itirərək yavaş-yavaş sıradan çıxır. Mutasiyaya uğramaq bütün viruslarda olur. Mövsümi soyuqdəymə xəstəliklərində də belə olur. Bu səbəbdən bəzi insanlarda həmin virus güclü şəkildə özünü göstərir, bəzilərinə isə yüngül şəkildə yoluxur və tez də sağalır".