Azərbaycanda tibbi sektora ciddi nəzarət başlayır.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə «Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi» publik hüquqi şəxsi yaradılıb.
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək yeni quruma ölkədəki bütün (mülkiyyət və təşkilati formasından asılı olmayaraq) tibb müəssisələrinin akkreditasiyasını həyata keçirmək, klinikalarda tibbi xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirmək, tibb işçilərinin və əczaçıların sertifikatlaşdırmaq səlahiyyəti verilib.
Nizamnaməyə əsasən özəl tibbi müəssisələrdə – özəl klinikalarda tibbi xidmətlərə görə lisenziya da «Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi» tərəfindən veriləcək.
Eyni zamanda Mərkəzə lisenziyaların dayandırılması və ləğvi səlahiyyəti də verilib.
Nizamnaməyə əsasən, «Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi» hər 5 ildən bir tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Eyni zamanda qurum tibb müəssisələrində tibb xidmətlərinin keyfiyyətinə nəzarət edəcək və onu qiymətləndirəcək.
Bunun üçün Mərkəz tibb müəssisələrində istifadə edilən elektron informasiya sistemlərinə də qoşulacaq.
Mərkəzin digər fəaliyyəti klinik protokolların hazırlanması və təsdiq üçün Nazirliyə təqdim edilməsi olacaq.
Sənədə əsasən, qurum akkreditasiyadan keçmiş tibb müəssisələri arasında sorğular keçirərək onların problemlərini araşdıracaq.
Tibbi müəssisələrin akkreditasiyası zamanı dövlət rusumu ödəniləcək və akkreditasiyadan keçmiş tibb müəssisələrinin adları Mərkəzin rəsmi internet səhifəsində yayımlanacaq.
Nazirlər Kabinetinin qərarına əsasən Mərkəzə 5 üzvdən ibarət İdarə Heyəti rəhbərlik edəcək. İdarə Heyətinin üzvləri səhiyyə naziri tərəfindən vəzifəyə təyin edilir. İdarə heyəti sədrdən və onun dörd müavinindən ibarətdir.
Qərara əsasən Mərkəz 100 min manatla fəaliyyətə başlayacaq – onun nizamnamə fondunun məbləği bu məbləğdədir.
Eyni zamanda mərkəz tərəfindən görülən işlər və göstərilən xidmətlərə görə ödəniş ediləcək.