Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib.
"Halal" standartlar üzrə qurumların akkreditasiya tələbləri hazırlanır
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 8-də Bakıda İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) bildirib.
AQTA sədri bildirib kİ, sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək.
AQTA sədri, həmçinin əlavə edib ki, halal sertifikatlaşdırma üçün müraciət prosesinin asanlaşdırılması məqsədilə artıq müvafiq işlərə başlanılıb.
Forumda halal məhsul və xidmətlərin sertifikatlaşdırılması, bu sahədə standartlar, idxal-ixrac məsələləri, beynəlxalq bazarlarda rəqabət, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, investisiya imkanları və trendlər, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
Forumun sərgi hissəsində Azərbaycan və xarici ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgidə nümayiş olunan məhsullar əsasən qida, tekstil, xidmət, İKT və təhsil sektorlarını əhatə edir.