Səhiyyə Nazirliyi: “CoronaVac” vaksini 91.25 faiz effektivdir
Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
“Hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib”.
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.
T.Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.
"Yanvarın 18-dən vaksinasiyanın birinci, fevralın 1-dən isə ikinci mərhələsinə başlanacaq"
“Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib”.
Bunu, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.
COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları açıqlanıb.
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:
1-ci mərhələ
- Səhiyyə işçiləri;
- 65 yaşdan yuxarı şəxslər;
- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ
- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.
Vaksinlər Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına alınacaq
Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev bildirib ki, vaksinlərin alınması Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına həyata keçirilir.
Vaksinasiyaya dair digər tədbirlərin görülməsi isə müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsi hesabına və digər maliyyə mənbələrindən olacaq.
"Azərbaycanda 8-9 milyon insan hələ koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir"
“Ölkəmizdə hələ 8-9 milyon insan var ki, koronavirusa yoluxmayıb”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, risk qrupunda olan, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaltmaq üçün vaksinasiya lazımdır: “Qeydiyyata düşən, yüngül keçirənlər və s. nəzərə alınsa, ən çox 1 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər. 8-9 milyon insan isə xəstəliyə yoluxmayıb, onların içərisində risk qrupları var. Ona görə vaksinasiya lazımdır”.