“ARB24” telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb.
Eləcə də bax: AzTV yoluxanlarla bağlı - MƏLUMAT YAYDI
FED.az xəbər verir ki, telekanaldan verilən məlumata görə, ilk testi pozitiv çıxan iki əməkdaşın karantin şəraitində bir həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar. Bir əməkdaş isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda bir nəfərin müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.
Bildirilib ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra “ARB Media” qrupda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır.
Qızdırması yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.
Əməkdaşlar birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır. Virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb.
Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar iki qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, “ARB24” telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb.