Azərbaycana xaricdən gətirilən arıqlama qidalarının tərkibində insan həyatı üçün təhlükəli maddə tapılıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin birgə məlumatında bildirilir.
Qeyd edək ki, son dövrlər Azərbaycana elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və kofeləri” adı altında müxtəlif markalı qəhvə və çaylar gətirilir və bunları həcmi artmaqdadır.
Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində onların tərkibində güclü təsir edən maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.
Sibutramin maddəsi insan həyatı üçün təhlükəlidir və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Bu o deməkdir ki, belə malların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Komitə və nazirlik bildirirlər və xəbərdarlıq edirlər ki, güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsinə görə, təkcə onları sifariş edən şəxslər deyil, onu gətirən daşıyıcı şirkətlər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən piylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin” olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib.
Qeyd edək ki, bu maddə Avropa Səhiyyə Təşkilatı tərəfindən də qeydiyyatdan çıxarılıb və beynəlxalq səviyyədə onun istifadəsi qadağan olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.
Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar.
Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, “sibutramin” tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Britaniya, Avstraliya, Çin, Hindistan, Honkonq, Meksika, Yeni Zelandiya, Sinqapur, Filippin, Tailand, Misir və digər dövlətlərdə qadağan olunub.
Bu maddə müxtəlif ölkələrdə 2010-cu ilədək arıqlama vasitəsi kimi satılırdı, amma həmin vaxt aparılan araşdırmalar onun çox təhlükəli olduğunu göstərib və istifadəsi qadağan edilib.
Belə ki, sibutramin ürək damar xəstəliklərinə, insulta səbəb olur.
2018-ci ildə aparılan tədqiqatlar zamanı məlum olub ki, 700-ə yaxın dietik əlavənin tərkibində sibutramin var. Yeri gəlmişkən, həmin qida əlavələri əhaliyə «natural», «təbii vasitə», «ənənəvi vasitə», «bitki tərkibli vasitə» kimi təqdim olunur.
2016-cı ildə «Cochrane» tərəfəindən aparılan araşdırma göstərib ki, sibutramin arterial təzyiqi kəskin artırır, aritmiyaya səbəb olur. Bu maddə insanlarda hətta paresteziya, psixi dəyişmələr, məsələn, narahatlıq, fikirlərin qarışması, depressiya, intihar haqqında fikirlər yaradır.