Media Təhlil Mərkəzi (MTM) Azərbaycanda əhali arasında COVID-19 pasportunun tətbiqinə həsr olunan sorğu keçirib.
Eləcə də bax: Bu tarixdən iş və xidmət sahələrində - COVID-19 Pasportu Tələb Olunacaq
FED.az xəbər verir ki, sorğu 16-21 iyun tarixlərində keçirilib, sorğuda 1 084 respondent iştirak edib.
Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 43,9%-i hazırda COVID-19 pasportunu əldə etmədiyini, lakin alacağını, 33,1%-i isə artıq sözügedən sənədə sahib olduğunu bildirib. Cavab verənlərin 13,3%-i COVID pasportunu almağı düşünmədiyini, 9,7%-i isə tərəddüd etdiyini qeyd edib.
Respondentlərin 38,3%-i vaksin vurduraraq, 6,6%-i koronavirusa yoluxub sağaldığına görə COVID-19 pasportu əldə edib.
Sorğu iştirakçılarının 55,1%-i isə hələ ki pasport əldə etməyib.
COVID-19 pasportunun əldə edilməsi ilə bağlı verilən sualın cavabında sorğu iştirakçılarının 15,7%-i “E-Təbib” mobil tətbiqindən yüklədiyini, 8,7%-i “e-gov.az” saytından əldə etdiyini qeyd edib.
Sənədi vaksin vurdurarkən aldığını deyənlər sorğu iştirakçılarının 16,6%-ni, COVID-19 pasportunun olmadığını söyləyənlər cavab verənlərin 59%-ni təşkil edib.
Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 11,8%-i COVID-19 pasportunu iş yerinə, 4,6%-i idman zalına gedərkən təqdim edib. İştirakçıların 3%-i bu pasportu səyahət edərkən, 2,3%-i məscid, kilsə və digər dini obyektlərə gedərkən istifadə etdiyini vurğulayıb.
Respondentlərin 24,4%-inin COVID-19 pasportu olsa da, hələ ki istifadə etmədiyini qeyd edib.
Azərbaycanda COVİD-19 pasportu iyunun 10-dan etibarən tətbiq olunur. Tam vaksinasiya olunan və koronavirus xəstəliyindən sağalmış şəxslər pasport əldə edə bilərlər. Azərbaycanda idman zallarından istifadə, məscid, toy və digər şənliklərdə iştirak (50 nəfərdən 150 nəfərədək) yalnız COVİD-19 pasportu ilə mümkündür. (İnterfaks)