“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi bir neçə müddət bundan əvvəl tibbi maskalarını sata bilmirdi. Ehtiyatda 7 mln ədəd tibbi maska qalmışdı, lakin hazırda ehtiyatda olan maskaların sayı 3 mln-a enib. Tibbi maskalarımızın satışında 50 %-dən çox artım var”.
Bu barədə FED.az-a şirkətin rəhbəri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, müəssisədə hazırda istehsal prosesi davam edir: “Əməkdaşlarımız tibbi maska istehsal etməyə davam edirlər. Lakin biz ölkənin tibbi maskaya olan təlabatı artdığı üçün ehtiyat yığmağa çalışırıq. Bizim müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 0,12-0,17 qəpik arasıdır. Lakin bununla belə işbazlar ölkəyə bundan da ucuz maska gətirirlər. Təbii ki, bu, tibbi maskalar deyil, çünki onların qoruyucu effekti yoxdur”.
S.Babayeva ixracla bağlı məsələyə də münasibət bildirib: “İsveçrədə tibbi maskaların gigiyenik və tam olaraq steril olmasını sübüt edən sertifikat almaq üçün müraciət etmişik. Biz bununla əlaqədar birinci mərhələdən keçmişik, artıq ikinci mərhələdəyik. Qarşı tərəf bildirir ki, tibbi maskanın özündə heç bir problem aşkarlanmayıb. Hazırda isə qablaşdırma prosesinə baxış keçirilir. Yaxın günlərdə biz beynəlxalq sertifikat əldə edəcəyik. Bu sertifikat bizim xaricə məhsulumuzu satmağa imkan verəcək. İxracla bağlı müəssisəmizə müraciət edən ölkələr də var. Beynəlxalq sertifikatı aldıqdan sonra ixraca başlayacağıq”.
Qeyd edək ki, bu ilin aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.