Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olub.
2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil edib. Onlardan 365-ı (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-sı (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.
2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.