Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir.
FED.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müvafiq qanunun icrasını təmin etmək məqsədilə bir sıra dövlətlərdən, o cümlədən də Fransa Respublikasından ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Lakin Fransadan onlarla müəssisədən respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkənin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb.
Bununla əlaqədar, 2023-cü il 1 noyabr tarixindən etibarən təsdiq üçün müraciət etməyən Fransa müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.