Avropa Birliyi 27 dekabr tarixindən etibarən Kovid-19 peyvənd kampaniyasına rəsmi olaraq başlayıb. Birliyin peyvənd proqramına görə, qitədəki bütün yetkin əhali 2021-ci ilin sonuna qədər peyvəndlənəcək.
Alman biotexnoloji şirkəti Biontech-in ABŞ əczaçılıq şirkəti Pfizer ilə birlikdə hazırladığı Kovid-19 peyvəndindən bu günə qədər AB ölkələrinə 12,5 milyon doza tədarük edilib. Ümumilikdə 27 üzvü olan Avropa Birliyi müxtəlif şirkətlərdən 450 milyon doza peyvənd almaq niyyətindədir və bununla bağlı danışıqları başa çatdırıb.
Hamıdan əvvəl peyvəndlənməyə başlayan İngiltərənin ardınca İsveçrə və Serbiya kimi Birlik xaricindəki ölkələrdə də peyvəndlənmə başlayıb.
AB-də rəsmi peyvəndləmə kampaniyasından əvvəl bu prosesə Almaniyada start verilib. Yaşlıların yaşadığı qayğı evlərində tətbiq olunması üçün ölkəyə 150 min doza peyvənd tədarük edilib.
Şənbə günü, peyvəndlər Saksoniya-Anhalt əyalətindəki Harzdəki qocalar evlərinin sakinlərinə vurulub. Ümumilikdə ölkəyə iki dozanın tətbiq ediləcəyi qrup üçün, yanvar ayının ilk həftəsinin sonuna qədər 2 milyondan çox dozada peyvənd gətiriləcək.
Fransada ilk peyvənd 78 yaşlı qadına vurulub
Fransadakı ilk Kovid-19 peyvəndi Parisdəki bir dövlət xəstəxanasında uzun müddətli müalicə şöbəsində olan 78 yaşlı bir qadına vurulub.
İtaliyada səhiyyə işçilərinin peyvəndi başlanıb
Epidemiyanın ən çox təsirini hiss edən Avropa ölkələrindən biri olan İtaliyada şənbə günü əldə edilən Pfizer-BioNTech peyvəndi bazar günü səhər saatlarında lider infeksion xəstəliklər mərkəzi olan paytaxt Romadakı Lazzaro Spallanzani Xəstəxanasında səhiyyə işçilərinə tətbiq edildi. Kovid-19 peyvəndi əvvəlcə xəstəxana professorları Maria Rosaria Capobianchi, tibb bacısı Claudia Alivernini, həkim Alessandra D'Abramo, həkim Alessandra Vergori və səhiyyə işçisi Ömər Altobelliyə verildi.
İspaniya hər həftə 350 min doza peyvənd alacaq
İspaniyada Kovid-19 epidemiyasına qarşı ilk peyvənd qocalar evində qalan 96 yaşlı bir qadına verilib.
İspaniyada hökumətin təyin etdiyi Kovid-19 peyvənd proqramına görə mənfi 70 dərəcə Selsi səviyyəsində saxlanılan qutularda təyyarə ilə daşınan peyvəndin ölkəyə həftədə 350 min doza şəklində gəlməsi və ilk mərhələdə vilayətlərə paylanması gözlənilir.
Polis, jandarma və hərbçilərin mühafizəsi ilə anbarlara daşınan peyvəndlər ilk növbədə yaşlılar və qocalar evlərindəki personal, səhiyyə işçiləri və əlillərə veriləcək.
Peyvəndin paylanması üçün ölüm riski, xəstəliklərə məruz qalma riski, sosial-iqtisadi təsir riski, xəstəlik riski və yaş kimi meyarlara görə 18 qrup müəyyən edilib.
Hollandiya, 8 yanvar tarixinə qədər peyvəndə başlamayacaq
Birliyin əsas ölkələrində peyvəndlərə başlanarkən, Hollandiya peyvəndə 8 yanvar tarixində başlamağa qərar verdi. Həftə sonu ölkəyə 10 min doza Biontech-Pfizer peyvəndi tədarük edildi. Belçika və Lüksemburqda isə peyvəndlənmə prosesinin 28 dekabrda başlanması gözlənilir.