Almaniya və Norveçdən olan iki həkim qrupu bir-birindən ayrı araşdırma aparıblar və aşkar ediblər ki, Britaniya-İsveç əczaçı şirkəti olan «AstraZeneca»nın vaksini trombozlar yarada bilər.
FED.az «The Wall Street Journal»a istinadən xəbər verir ki, alimlər vaksin nəticəsində trombozların və tromboemboliyaların yaranmasını orqanizmin vaksinə xüsusi reaksiyası ilə izah ediblər.
Belə ki, bədənə vaksin vurulandan sonra o autoimmun reaksiyası yaradır və bu da trombositlərlə qarşılıqlı əlaqədə olan antitellərin yaradılmasına səbəb olur.
Bunun səbəbini həkimlər də bilmir, onların fikrincə, məsələni araşdırmaq üçün yalnız qan analizi verilməlidir.
«İnsanlarda belə immun reaksiyasının olmasını vaksindən başqa heç nə ilə izah etmək mümkün deyil» - deyə Norveçdən olan hematologiya professoru Pol Andre Holm bildirir.
Almaniyanın Qrayfsvald universitetində də Norveç həkimlərinin qənaətini təsdiqləyiblər. Alman həkimləri orqanizmin vaksinə reaksiyaları sırasında baş ağrısını, başgicəllənməsini və görmənin pisləşməsini qeyd ediblər.