İranda koronavirusa yoluxma və ölüm halı aşkarlanması ilə əlaqədar olaraq Azərbaycanla İran arasındakı gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.
Eləcə də bax: İranla sərhəddə - NƏZARƏT GÜCLƏNDİRİLDİ
FED.az xəbər verir ki, bu barədə “Report”un Cənub Mərkəzinə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunun rəisi Habil Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Komitənin müvafiq sərəncamlara əsasən postlar tibbi ləvazimatlarla təmin olunub: "Postda xidmət göstərən inspektorlar əlcək və xüsusi maskalardan istifadə edərək xidməti yerlərində fəaliyyət göstərirlər. Qonşu dövlətə səyahətə gedən vətəndaşlar maarifləndirilir, Azərbaycan ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır. Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Həmin termovizor qurğularının yanında müfəttişlər 24 saat fəaliyyət göstərir. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəliyi görünərsə, dərhal siqnal səsi verir və birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili-tibbi yardım xidmətinə məlumat verilir”.
H.Mehdiyev onu da bildirib ki, Çində koronavirusun yayılması təsdiqləndikdən dərhal sonra Komitə xüsusi sərəncamlarla yerlərə göstəriş verib və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülüb: "Bu tədbirlər nəticəsində bu günə kimi yüksək hərarəti olan 3 İran, 1 Rusiya və 1 Malayziya vətəndaşı aşkarlanıb və tibbi yardım xidmətinə təhvil verilib. Rayon xəstəxanasında yoxlanışdan keçdikdən sonra, vətəndaşlara adi soyuqdəymə diaqnozu qoyulub".
"Gün ərzində Azərbaycan-İran sərhədindən 8 000-ə yaxın insan keçir. Qarşıdan gələn bayram və ziyarət günlərində gömrük-sərhəd buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışacaq.
Keçid məntəqəsində sərnişinlərin keçidi üçün nəzərdə tutulmuş xətdə ikinci skan aparatı quraşdırılıb", - deyə idarə rəisi əlavə edib.