Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qurumun Aparat rəhbəri təyin edilib.
Eləcə də bax: Azərbaycan İnvestisiya Holdinqinə - Yeni Təyinat
FED.az xəbər verir ki, E.Mikayılov Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya üzrə bakalavr və magistr, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb, iqtisad üzrə fəlsəfə doktorudur.
O, əmək fəaliyyətinə 2007-ci ildə başlamış, bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışmışdır. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.
E.Mikayılov 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri, 2018-ci ilin may ayından Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb. Bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. (Report)