Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında telefon danışığı baş tutub.
AQTA-ya yeni səlahiyyət verildi - QƏRAR
FED.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
Söhbət zamanı tərəflər ölkələr arasında ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd ediblər.
“Bu il Rusiya Azərbaycana diri heyvan, quş əti, kartof, buğda unu və buğda tədarükünü artırıb. Azərbaycan Rusiyaya aparıcı meyvə və tərəvəz ixracatçılarından biri olaraq qalmaqdadır. Rusiyaya bitkiçilik məhsullarının fasiləsiz tədarükünü təmin etmək üçün “Xudat” nəqliyyat-logistika qovşağının ərazisində karantin fitosanitar nəzarətinin optimallaşdırılması imkanları öyrənilir”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə minib. Qanuna əsasən, üçüncü ölkələrin müəssisələrinin Azərbaycan bazarına çıxış qaydaları müəyyən olunub. Bununla əlaqədar Azərbaycanla ticarətdə maraqlı olan Rusiya şirkətlərində yoxlamalarının aparılması qaydası müzakirə olunub.
Bundan başqa, tərəflər müxtəlif heyvandarlıq məhsulları, o cümlədən balıq yemi istehsal edən Azərbaycan müəssisələrinin ixrac imkanlarının genişləndirilməsi məsələsini müzakirə ediblər. (İnterfaks-Azərbaycan)