"Bəzən sahibkarlar xaricə ixrac etmək istədikləri məhsullara fitosanitar nəzarəti düzgün həyata keçirmirlər. Elə hal olur ki, virusa görə yoxlanışdan keçməyən digər məhsullar onların məhsullarında aşkar olunur".
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ona görə Rusiya və digər ölkələrə kənd təsərrüfatı məhsulunu ixrac etmək istədikdə sahibkarlar AQTA-ya müraciət edərək məhsullarını lazımi laboratoriyalarda müayinə etdirdikdən sonra ixrac edə bilərlər: "Azərbaycanın pomidor ixracı potensialı il ərzində 360 min ton olmağına baxmayaraq, bu il 120 min tona yaxın ixrac olunub. İxrac üçün maneə yoxdur, sadəcə bu məsələyə diqqət etməlidirlər ki, hər hansı problem ortaya çıxmasın". Agentlik sədri deyib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində bu ilin noyabrın 9-dək fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycandan Rusiyaya ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə xurma ixracında 46%, kartof ixracında 23%, xiyar və kornişon ixracında 35%, şaftalı və nektarin ixracında 182%, qarpız ixracında 144%, təzə üzüm ixracında 178%, gavalı və göyəm ixracında 33%, nar ixracında 17%, çiyələk ixracında 117%, armud ixracında isə 192% artım müşahidə edilib. Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində bu ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub".
Agentlik sədri eyni zamanda Rusiya ilə sərhəddə yaranmış sıxlığa da münasibət bildirib: "Rusiya tərəfi ilə müzakirə etdik və qərara gəlindi ki, AQTA-nın və digər müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Dağıstanda görüş keçirilsin. Həmin görüşün nəticəsi kimi sıxlığın qarşısını almaq üçün addımlar atılması nəzərdə tutulur. Təkliflərdən biri budur ki, Dağıstanda bitkiçilik məhsullarının laborator müayinələri son çatdırılma məntəqəsində aparılsın. Bu da sərhəddə fitosanitar nəzarətin qarşısını almağa imkan verəcək. Beləliklə, sıxlıq aradan götürülə bilər".